“Rus ordusunu darmadağın etdik” – Saakaşvili savaş sirrini açdı
Paylaşılma tarixi: Aug 08, 2015 12:36:22 PM
“İlk saatlarda 4-cü briqadanın döyüşçüləri general Kalandadzenin rəhbərliyi altında rus tankları kolonunu darmadağın edib, Rusiyanın 58-ci ordusunun rəhbəri general Xrulevi yaraladılar.”
Axar.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 8 avqust 2008-ci il Gürcüstan müharibəsinin ildönümü ilə bağlı gürcü dilində xalqa etdiyi müraciətdə söyləyib. Onun sözlərinə görə, Gürcüstan heç vaxt Rusiyaya təslim olmayacaq:
“7 avqust 2008-ci ildə biz Rusiya hərbi texnikasının kütləvi şəkildə Rokski tunelindən Gürcüstan ərazisinə girdiyi haqqında təkzibedilməz məlumatlar aldıq. Bundan sonra mən Gürcüstan ordusunu hərəkətə gətirib, Rusiya qüvvələrini tutmaq və onların hərəkətini dayandırmaq haqqında qərar qəbul etdim. İlk saatlarda 4-cü briqadanın döyüşçüləri general Kalandadzenin rəhbərliyi altında rus tankları kolonunu darmadağın edib, Rusiyanın 58-ci ordusunun rəhbəri general Xrulevi yaraladılar. Bundan sonra ruslar havaya 200 təyyarə və vertolyot qaldıraraq, bütün Gürcüstan ərazisini kütləvi şəkildə bombardman etməyə başladılar. Ukraynadan göndərilən hava hücumundan müdafiə sistemləri sayəsində biz 14 uçan aparatı məhv etdik. Bundan sonra bizim “Buk” raket sisteminin ehtiyatı qurtardı.
Bir neçə gün qəhrəmancasına müqavimətdən sonra mühasirəyə düşməkdən qurtulmaq üçün bizim döyüşçülər paytaxtın müdafiəsinə çəkildilər. Ruslar isə həmin zaman əmr aldılar ki, paytaxta hərəkət edib mənim hakimiyyətimi devirsinlər. Bu vaxt yüzminlərlə Tilfis sakini küçəyə çıxdılar və fasiləsiz olaraq aqressiyaya qarşı etiraz etdilər. Həmin zaman əsas şüar “Gürcüstan heç vaxt təslim olmayacaq” idi. Tilfisə Ukrayna prezidenti də daxil olmaqla avropalı liderlər uçdular və xalqla yan-yana dayandılar. Bu birlik və beynəlxalq aləmin dəstəyi, ABŞ-ın Gürcüstan demokratiyasına dəstək üçün hərbi-humanitar əməliyyatı nəticəsində Putin Tiflisin yaxınlığında dayanmalı oldu.
Bu gün həmin mübarizə Ukraynada davam edir. 58-ci ordunun qərargah rəisi Donbasda savaşır, general Kalandadze isə Ukraynanın müdafiəçilərinin hazırlanmasına yardım edir. Birgə səylərlə biz bu mübarizəni uğurlu sonluğa çatdıracağıq”.
Qeyd edək ki, Rusiya və Gürcüstan arasında savaş 2008-ci ilin avqustun 8-də başlamışdı. Müharibənin sonunda Cənubi Osetiya Gürcüstandan ayrılmışdı. Bir müddət sonra isə Moskva Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımışdı.