Azərbaycan neft ixracatından 84 milyarddan çox gəlir əldə edib
Paylaşılma tarixi: Mar 03, 2015 6:1:4 PM
İqtisadi Tədqiqatlar Mərkəzi ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun maliyyə və metodiki dəstəyi ilə “Azərbaycanda və Qazaxıstanda neft gəlirlərinin idarəedilməsi” mövzusunda apardığı tədqiqatların nəticələrini açıqlayıb.
“Marja” İqtisadi Tədqiqatlar Mərkəzinin İctimaiyyətlə əlaqələr departamentinə istinadən xəbər verir ki, araşdırmanın nəticələrini Qubad İbadoğlu təqdim edib.
O bildirib ki,bu ilə qədər Azərbaycan “Əsrin kontraktı” və digər kontraktların reallaşması nəticəsində 84 milyard dollar vəsait əldə edib ki, onun da 60 faizi - 50 milyard dolları artıq xərclənib. Cari ildə daha 14 milyard dolların xərclənəcəyini qeyd edən Qubad İbadoğlunun sözlərinə görə, rəsmi hesablamalar 2024-cü ilədək 1 barelin orta hesabla 80 dollar olacağı halda Azərbaycanın 145,3 milyard dollar neft və qaz gəlirləri əldə edəcəyini göstərir. Bu il ərzində bütün kontraktlar üzrə müxtəlif ssenarilər (1 barelin 80, 90 və 100 dollar) əsasında aparılmış rəsmi hesablamalara görə, ölkənin minimum 11 milyard, maksimum isə 15 milyard dollaradək gəlir əldə ediləcəyi gözlənilir.
Diqqəti neft gəlirlərinin xərclənməsi problemlərinə çəkən Q.İbadoğlu bu istiqamətdə institutların yaradılmasını və qaydaların olmasını vacib hesab edib. O qeyd edib ki, mövcud qaydalara əməl olunması da vacibdir: “ “Neft-qaz gəlirlərinin uzunmüddətli dövrdə idarəolunması Strategiyası”nda pik dövründə gəlirlərin ən azı 25 faizinin gələcək nəsillər üçün yığıma göndərilməsi nəzərdə tuutlsa da, ötən il əldə edilmiş gəlirlərin faktiki olaraq 78 faizi xərclənib”.
Ekspertin fikrincə, çox xərclənmənin gələcəkdə daha çox borclanmaya gətirəcəyini nəzərə alaraq gəlirlərin idarə olunması və xərclənməsi qaydalarında neft gəlirlərinin xərclənməsinə limit tətbiq olunması məqsəduyğundur. Bu istiqamətdə ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun ekspertləri ilə birgə apardıqları hesablamalardan danışan Q.İbadoğlu onun nəticələrinin yaxın zamanlarda açıqlanacağını elan edib.
http://www.marja.az/