Milli Məclis media qanununu sərtləşdirdi

Paylaşılma tarixi: Dec 16, 2014 3:0:7 PM

Dekabrın 16-da parlament “KİV haqqında” qanuna dəyişiklik edib. “Media forum” saytı xəbər verir ki, yeniliyə görə, Ədliyyə Nazirliyi il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb edilən KİV-in istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər. İndiyədək belə bir iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı üçə bərabər idi.Başqa bir yenilik kütləvi informasiya vasitəsinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda həmin KİV-in fəaliyyətinə xitam verilməsini nəzərdə tutur.Qanuna “oxşar ad” termini əlavə edilib və mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan olunub.

Oxşar ad termininin təsnifatı belədir:

- Əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar.

                                                                                                           "Media forum"