Büdcə neft pullarının 59 milyardını necə yedi?
Paylaşılma tarixi: Jul 30, 2015 6:12:30 PM
Məhəmməd Talıblı: «Neft Fondundan köçürmələr olmasaydı, biz ən yaxşı halda illik büdcə xərclərimizin 40-50 faizini təmin edə bilərdik» Azərbaycanın neft satışından gələn gəlirləri Dövlət Neft Fondunda toplanır. Hələ bu fond yaradılarkən bəyan olunurdu ki, fondun vəsaitlərinin böyük hissəsi gələcək nəsillərə saxlanılacaq. 2003-cü ildən 2015-ci il iyulun 1-nə qədər Dövlət Neft Fondundan (ARDNF) Azərbaycanın dövlət büdcəsinə transfertlərin ümumi həcmi 59 mlrd. 333,6 mln. manat təşkil edib.“2015-ci ilin I rübündə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 3 mlrd. 802,1 mln. manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.2003-cü ildə ARDNF Azərbaycanın dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.
Xəbər verildiyi kimi, ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
Bəs Neft Fondunun vəsaitlərinin bu formada xərclənməsi nə dərəcədə düzgün seçimdir? Vəsaitlərin bu formada və sürətlə xərclənməsi Azərbaycana nə vəd edir?
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Azərbaycan “Əsrin kontraktı” çərçivəsində indiyə qədər 107 milyard manat gəlir əldə edib. Bunun 50 faizdən çoxu dövlət büdcəsinə transfert edilib. Bu ona görə edilib ki, büdcə gəlirləri və xərcləri arasında mütənasiblik yox idi. Gəlir və xərc arasında mütənasibliyi təmin etmək məqsədilə büdcədən kənar fonddan əlavə vəsait cəlb etmək zərurəti yarandı: “Bu o qədər ənənəvi xarakter aldı ki, daha sonradan büdcə gəlirlərinin illər üzrə dəyişən nisbətdə 50-60 faizini fondun gəlirləri təşkil etdi. Yəni Neft Fondundan köçürmələr olmasaydı, biz ən yaxşı halda illik büdcə xərclərimizin 40-50 faizini təmin edə bilərdik. Fonddan köçürülən həmin illik 9-10 milyard manat həcmində vəsaitin isə 7-8 milyardını tikinti-investisiya xərclərinə yönəltdik. Beləliklə, əsas donoru Neft Fondu olmaqla büdcə vasitəsilə böyük investisiya layihələri həyata keçirdik. Beləliklə, belə ”isti" pullar daha çox “ağ fil” layihələrinə sərf edildi. Xaricdən güclü kimi görünən, daxildən isə güclü müvazinəti olmayan iqtisadiyyat formalaşdı. Digər tərəfdən isə təkcə neft pulları dövlət büdcəsi vasitəsilə investisiya layihələrinə yönəldilmədi, eyni zamanda Neft Fondunun özünün də maliyyələşdirdiyi iri investisiya və sosial layihələri (Oğuz-Qəbələ-Bakı su kəməri, məcburi köçkün və qaçqınlar üçün sosial şəraitin yaxşılaşması, və s.) həyata keçirildi".
M.Talıblı bildirdi ki, Neft Fondundan büdcəyə köçürülən vəsaitlər üzərində heç bir limit tətbiq edilməyib. Halbuki, Norveç kimi ölkənin təcrübəsi göz önündə idi. Orada Fiskal və Etik Qaydalar tətbiq edilməklə Pensiya Fondundan(bizdəki NF statusunda) dövlət büdcəsinə transfertlər illik gəlirin 4 faizindən artıq olmamaqla həyata keçirilirdi. “Bizdə bu hədd heç vaxt nəzərə alınmadı. Sanki neft pullarının müxtəlif kanallarla xərclənməsi uğrunda yarış gedirdi. Hər il daha çox vəsaiti necəsə xərcləmək üçün ağlagəlməz layihələr düşünülürdü. Bu, neft gəlirlərinin toplandığı vəsaiti nəsillər arasında ədalətli xərclənməsi fəlsəfəsini darmadağın etdi”, deyə M.Talıblı vurğuladı.
Xəyal