Şəki bu günkü səhərini yanğınla açdı
Paylaşılma tarixi: Nov 26, 2014 7:59:45 AM
Səhər saat 08:20 radələrində Şəkinin Hikmət Ziya küçəsində yerləşən evlərdən birində yanğın hadisəsi qeydə alınıb. Yanğın Qasımov Rasim Ələfsər oğluna məxsus evdə baş verib. Hadisə yerinə dərhal Şəki yanğından mühafizə hissəsinin iki yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 180 kvadratmetrlik evin 16 kvadratmetr mətbəxi, içindəki əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb. Yanğın söndürənlərin səyi nəticəsində alovun evin digər otaqlarına keçməsinin qarşısı alınıb. Ev sahibinin yaxınlarının sözlərinə görə ev sahibi hal-hazırda evdə yaşamır və hadisə zamanı ev boş olub. Qonşuların sözlərinə əsasən hadisədən əvvəl işıqlar bir neçə dəfə yanıb sönüb və çox gümanki yanğın da elektrik xəttində baş vermiş qısaqapanma nəticəsində baş verib. Faktla əlaqədar Şəki YMH-də araşdırmalar aparılır. Yanğının dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq.
Mənbə: Kanal S