Ukraynadan Əliyevi utandıran qərar
Paylaşılma tarixi: Jul 07, 2015 4:20:36 PM
Iki ölkənin eyni problemlə bağlı fərqli qərarları hakimiyyətlərin öz xalqına münasibətlərinin göstəricisidir Ukrayna Ali Radası xarici valyuta ilə götürülən kreditlərlə bağlı qanun layihəsi qəbul edib. Qanun layihəsi istehlak kreditləri götürən fiziki şəxslərin üzləşdiyi problemlərin həlli mexanizmini nəzərdə tutur. Qanunvericilər belə nəticəyə gəliblər ki, milli valyutanın stabilliyini qoruyub saxlaya bilməməsinə görə məsuliyyət dövlətin üzərindədir. Ona görə də dövlət bu məsuliyyəti nəzərə alaraq, əhaliyə yardım etməlidir. Ukraynada vaxtilə dollar və digər xarici valyuta ilə kredit götürmüş vətəndaşlar banka ödənişi həmin valyutanın devalvasiyadan sonrakı məzənnəsinə yox, kredit götürüldüyü vaxtdakı məzənnəyə uyğun ödəyəcəklər.Indi Ukrayna ərazisində olan bütün banklar və maliyyə təşkilatları 1 ay müddətində kredit müqavilələri ilə bağlı öhdəlikləri yeniləməlidir.ÿBu öhdəlik məbləğindən asılı olmayaraq, bütün istehlak kreditlərinə aiddir.
Xatırladaq ki, Azərbaycanda da bənzər situasiya yaşandı, amma bizim hökumət fərqli davranaraq, vətəndaşlara zərbə vuran qərar qəbul etdi. Azərbaycan Mərkəzi Bankının 21 fevral tarixli devalvasiya qərarı ilə manatı dollara nisbətdə 34 faiz ucuzlaşdırandan sonra banklara xarici valyuta ilə kredit borcu olan vətəndaşlar çox çətin duruma düşdü. Bununla əlaqədar bir xeyli müzakirələr getdi. Banklar kredit borclarının yeni məzənnə ilə ödənişini tələb edirdilər. Müştərilər isə Mülki Məcəlləyə istinad edərək, kredit götürülən vaxt olan məzənnə ilə ödəniş etmək istəyirdilər. Bu müzakirələr bir qədər davam edəndən sonra hökumət bəyan etdi ki, Konstitusiya Məhkəməsi məsələni araşdırıb müvafiq qərar verəcək. Azərbaycanda məhkəmə sisteminin hansı vəziyyətdə olduğu, qərarların hansı prinsiplərlə qəbul edildiyi kimsəyə sirr deyil. Təsadüfi deyil ki, bugünlərdə Strasburqda - Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanla bağlı müzakirələr zamanı avropalı deputatlardan biri “bu ölkədə məhkəmələrin, hakimlərin icra hakimiyyətinin cibində olduğunu” bildirmişdi. Bütün bunları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin əhalinin xeyrinə qərar verəcəyinə inam o qədər də böyük deyildi. Amma hər bir halda, müəyyən qisim adamlarda ümid vardı. Konstitusiya Məhkəməsi verdiyi qərarla həmin ümidlərin üzərindən xətt çəkdi. Qərar verildi ki, xarici valyuta ilə götürülən kreditlər ödəniş gününə uyğun məzənnə ilə ödənilməlidir. Konstitusiya Məhkəməsi bu qərarla faktiki bankları xilas edərək, xalqa böyük zərbə vurdu.
Amma Ukraynada hökumət eyni problemlə bağlı qərar qəbul edərkən xalqın maraqlarını əsas götürdü. Ali Radanın qərarı faktiki xarici valyuta ilə kredit borcu olan əhalinin vəziyyətinin yüngülləşməsinə xidmət etdi.
Təkcə bu fakt hər iki ölkədə hökumətlərin öz xalqına münasibətlərinin göstəricisi sayıla bilər. Demək ki, ölkəni xalqın seçdiyi, etimad göstərdiyi şəxslər idarə edəndə onlar öz qərarlarında ilk növbədə vətəndaşların maraqlarını nəzərə alırlar. Vətəndaşların səs vermədiyi, etimad göstərmədiyi adamlar isə təbii ki, xalqın yox, özlərinin maraqlarından çıxış edərək qərarlar qəbul edirlər.
Elə professor Nurəddin Məmmədli də deyir ki, Azərbaycanda hökumətin xalqa zərbə vuran qərarlarına təəccüblənmək lazım deyil. Öz xalqıyla müharibə vəziyyətində olan bir hakimiyyət necə davranmalıdır?
“Azərbaycan hakimiyyət bütün itkiləri xalqın hesabına ödəməyə çalışır. Qarətçilik daha da artır, rüşvətxorluq əvvəlkindən də artıq səviyyədə tüğyan edir. Bunlar azmış kimi, ölkənin bütün büdcəsi, maliyyə qaynaqları mənasız layihələrə xərclənir. Avropanın yaxına buraxmadığı Avropa Oyunlarına Azərbaycanın büdcəsindən 8 milyarddan çox vəsait xərclənib. Büdcə kəsirlərini ödəmək, qapamaq, zəruri ehtiyacları reallaşdırmaq üçün bu hesabları çıxarmaq lazımdır. Xəzinədə olan vəsait tükənmək üzrədir, ölkənin 6-7 milyardlıq ehtiyat fondu qalıb. O da sürətlə ərimək üzrədir. Yanacağın, enerjinin, gündəlik malların bahalaşması gözləniləndir. Hökumət iqtisadiyyatdakı tənəzzülü aradan qaldırmaq üçün heç bir layihə üzərində işləmir. Nəticədə xalqın hesabına bütün itkiləri ödəmək istəyirlər. Belə bir şəraitdə Ukrayna xalqının rifahı üçün atılan addımı burda da gözləmək sadəlövhlükdür”, - deyə Nurəddin Məmmədli qeyd edib.
Nigar http://www.azadliq.info