Zaqatalada təmizlik, abadlıq və yaşıllaşdırma üçaylığı başlanıb
Paylaşılma tarixi: Mar 18, 2015 5:44:57 PM
Yazın gəlişi ilə əlaqədar Zaqatala rayonunda təmizlik, abadlıq və yaşıllaşdırma üçaylığı başlanıb. Kampaniyanın mütəşəkkil qaydada keçirilməsini təmin etmək üçün rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi tədbirlər planı hazırlanıb. Üçaylıq çərçivəsində Zaqatala şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində, parklarda, küçə və meydanlarda, ictimai binaların həyətlərində, yaşayış məhəllələrində abadlıq, təmizlik və səliqə-sahman işləri aparılacaq, yeni yaşıllıqlar salınacaq. Son iki gündə keçirilən iməciliklərdə Zaqatala şəhərində, eləcə də avtomobil yollarının kənarlarında 2 minə yaxın ağac və dekorativ gül kolları əkilib. Bundan əlavə, ümumrayon Novruz şənliyinin keçiriləcəyi XIX əsrə aid tarixi memarlıq abidəsi - “Zaqatala qalası”nın ərazisində martın 13-14-də abadlıq, təmizlik işləri aparılıb. İməciliklərdə ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri yaxından iştirak ediblər.
Ümumiyyətlə, üçaylıq çərçivəsində rayon ərazisində 7 mindən çox ağac və dekorativ bəzək kollarının əkilməsi nəzərdə tutulur.
Təmizlik, abadlıq və yaşıllaşdırma üçaylığı mayın sonunadək davam edəcək.