Türkiyəli işadamının Bakı macərası

Paylaşılma tarixi: Feb 05, 2015 5:43:44 PM

«Dedilər ki, Zaqatala-Balakən rayonlarında məktəb binalarının tikintisi nəzərdə tutulub. O layihəni əldə etmək üçün Heydər Əliyev Fondundan icazə almaq lazımdır. Pulu verəndən sonra başa düşdüm ki, aldanmışam. Ortada 224 min manatım getdi. Şikayətlərimdən sonra ondan cəmi 40 min manatı qaytarıldı». Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı məhkəmə prosesi keçirilir. Daha doğrusu, zamində olan və barəsində prokuror tərəfindən 11 il cəza istəniləndən sonra qaçıb gizlənən təqsirləndirilən şəxs - Ənvər Mustafayev üzə çıxsa, hökmün oxunuşu ilə məhkəməyə yekun vurulacaq. 15 DƏFƏ TƏZƏLƏNƏN CİNAYƏT İŞİ Ənvər Mustafayev əvvəllər «Azəribalıq» Dövlət Konserninin direktoru olub. Hələ 15 il əvvəl DİN İstintaq Şöbəsinin rəisi olmuş Nizami Qocayev həbsdə olarkən Ənvər Mustafayev həmin iş üzrə əsas zərərçəkən olub. Konsern ləğv olunandan sonra Ənvər Mustafayev də işsiz qalıb və indiyədək adı dələduzluq işləri üzrə bir neçə istintaq, məhkəmə işində keçib. Bu dəfə də istintaq orqanı onu dələduzluqda ittiham edib. O, Azərbaycana tikinti işləri üçün gəlmiş türkiyəli işadamıAras Ali Zekeriya-nı aldadaraq 224 min manatını mənimsəməkdə təqsirləndirilib. Aras Ali Zekeriya onunla bağlı 2008-ci ilin yanvar ayında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edir. Ənvər Mustafayev bir neçə gün idarənin zirzəmisində saxlanılır. İşadamından aldığı 224 min manatın 40 min manatını qaytarır. Qalan məbləği də qısa müddətdə qaytaracağını vəd edir və idarədən azad olunur. Amma...

 Bundan sonra türkiyəli işadamının yerli polis orqanlarına etdiyi şikayətlər nəticəsiz qalır. Hansısa «əl» məsələyə qarışdığından Ənvər Mustafayevin istintaqa cəlb edilməsi mümkün olmur. Şikayətlər əsasında nə az, nə çox, düz 15 dəfə cinayət işi başlanıb dayandırılır.

 Nəhayət, 6 il sonra - 2013-cü ildə türkiyəli işadamı hüquqşünas Əyyub Kərimi özünə hüquqi nümayəndə tutur. Hüquqşünasın istintaq orqanları ilə bu iş üzrə uzun-uzadı çəkişmələrindən sonra cinayət işinin icraatı yenə təzələnir. Bu dəfə Ənvər Mustafayevin istintaqa cəlb olunması baş tutur. Ancaq barəsində həbs-qətimkan tədbiri seçilmir.

 MƏHKƏMƏ AXTARIŞ QƏRARI ÇIXARDI

 Ənvər Mustafayev istintaqa türkiyəli işadamından məktəb tikintisinə görə 224 min manat aldığını etiraf edir və hər dəfə də pulun qaytarılması üçün istintaqdan möhlət istəyir. Cinayət işinin materialları ötən ilin mayında məhkəmə baxışına – Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilir. Hər dəfə məhkəmə iclaslarında Ənvər Mustafayev aldığı pulu qaytarmaq üçün hakimdən möhlət istəyir. Məhkəmə iclasları uzadılır, bir neçə dəfə verilən möhlət başa çatır. Bu il yanvarın 8-də prokuror Ənvər Mustafayevə 11 il həbs cəzası istəyir. Ənvər Mustafayev yeni vəkillə müqavilə bağladığını və vəkilin işlə tanış olması üçün müddət verilməsini istəyir. İclasa daha bir neçə gün ara verilir. Yanvarın 15-də Ənvər Mustafayev son söz demək üçün növbəti dəfə möhlət istəyir. Məhkəmə iclası yanvarın 23-dək təxirə salınır. Yanvarın 23-də isə Ənvər Mustafayev məhkəməyə gəlmir, telefon zənglərinə cavab vermir. Məlum olur ki, o, həbs cəzasından yaxasını qurtarmaq üçün gizlənməyə üstünlük verib. Məhkəmə Ənvər Mustafayev barəsində həbsli axtarış qərarı çıxarıb.

 MƏHKƏMƏDƏ TƏRƏFLƏR NƏ DEYİB?..

 Məhkəmə araşdırıb ki, Aras Ali «Aras Hafriyat İnşaat Sanayi və Ticarət Limited» şirkətinin Bakıdakı filialının direktoru olub. Şirkət yolların və dövlət obyektlərinin inzibati binalarının tikintisi ilə məşğul olur. Aras Ali məhkəmədə bildirib ki, 2007-ci ilin dekabr ayında icarəyə götürdüyü ofisin sahibi Abdulla Cəbiyev onu və filialın baş mühasibini Kamil adlı şəxslə tanış edib. Kamil də öz növbəsində onları tikinti aparılması üçün iş tapmağa imkanı olan Ənvər Mustafayevlə görüşdürüb:

 «Ənvər Mustafayev dedi ki, Heydər Əliyev Fonduna əli çatır. Balakən və Zaqatala rayonlarında orta məktəb binalarının tikilməsi üçün Fonddan icazə ala bilər. Hər məktəbin tikintisinin layihə-smeta dəyərinin 5 milyon 600 min manat olduğu dedi. Bildirdi ki, bu işlərin sənədləşdirilməsi üçün həmin məbləğin 3 faizini - yəni 336 min manat, ilkin isə 224 min manat vermək lazımdır. 2007-ci ilin dekabrında Ənvərə dörd dəfəyə 224 min manat verdim. Bu işləri görməsi üçün mütləq şirkətdə işə götürülməli olduğunu bildirdi. Çünki deməsinə görə, bu işlə bağlı dövlət təşkilatlarına şirkət adından getməliydi. Mən də onu formal olaraq şirkətin direktor müavini təyin etdim. Qısa müddətdən sonra iş getmədiyini görüb anladım ki, məni aldadıb. Pulun qaytarılmasını tələb etsəm də, məndən qaçmağa başladı».

 FOND ADINDAN «İŞ GÖRƏNLƏRİ» HANSI QÜVVƏ HİMAYƏ EDİR?..

 Ənvər Mustafayev məhkəmə ifadəsində türkiyəli işadamından 224 min manat aldığını, həmin məbləği Mirkamil Seyidov və Gəncədən olan Elçin Əsgərovadlı şəxslərə verdiyini deyib. Mirkamil Seyidov hələ 2011-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ifşa edilmiş bir dələduz qrupun içərisində olub. Dələduzluq əməlində təqsirləndirilərək məhkum edilib. 1 il əvvəl cəzaçəkmə müəssisələrindən birində dünyasını dəyişib. Gəncədən olan Elçin Əsgərov da həyatda yoxdur.

 Türkiyəli işadamını isə bir sual maraqlandırır – Heydər Əliyev Fondunun adından istifadə edərək dələduzluq törədənlər haradan himayə olunur? Onu bu qənaətə gətirənsə Ənvər Mustafayevin uzun illər himayə olunaraq istintaqdan yayındırılması və həbsdən kənarda qalması olub.

Azadlıq Radiosu