Şok: Məmurlar villalarını itirir

Paylaşılma tarixi: Jan 15, 2015 6:34:49 PM

    Bəzi məmurlar villalarını əldən çıxarır

   Onlar milyonlarla manat ziyana düşməkdən necə sığortalanmaq istəyirlər?

Son dövrlər kütləvi informasiya vasitələrində müxtəlif tikinti şirkətlərinin reklamlarını tez-tez eşidirik. Həm internetdə və sosial mediada, həm də teleradio şirkətlərində bu cür reklamlara tez-tez rast gəlinir. Şirkətlər öz məhsullarını təqdim edirlər. Halbuki, ötən ilə qədər KİV-lərdə mənzil, yeni tikililər barədə reklamlar nadir hallarda olurdu.

   Ölkədəki mənzil reklamının birdən-birə bu cür geniş vüsət alması nədən ola bilər? Tikinti şirkətlərinin müştəri azlığından əziyyət çəkməsi buna səbəb ola bilərmi?

   Gəlin əvvəlcə bu mövzuda ekspert rəyi ilə tanış olaq. Belə ki, iqtisadçı Vüqar Bayramov da Azərbaycan mənzil bazarı üçün bu cür televiziya və radio reklamlarını spesifik hesab etmir. O da təsdiq edir ki, son dövlər ölkəmizin mənzil bazarında durğunluq müşahidə olunur. Bu səbəbdən də tikinti şirkətləri reklamlar sayəsində yeni müştərilər cəlb eləməyə çalışırlar: "2014-cü ilin əvvəllərində "Sovetski" məhəlləsi sökülərkən kompensasiyalar verilən zaman mənzil bazarında qiymətlərin artacağı proqnozlaşdırılırdı. Fevral və mart ayında bir qədər artım da görüldü, lakin aprel ayından etibarən durğunluq müşahidə olundu ki, bu da qiymətlərin aşağı düşməsi ilə nəticələndi. Ötən ilin noyabr və dekabr aylarında durğunluq nəticəsində qiymətlər 4% aşağı düşdü. Bu gün də azalma müşahidə edilir. Bu azalma mənzilə olan tələbatın azalması ilə əlaqədardır".

   Mənzil bazarında durğunluğun səbəbi haqda da söz açan ekspert bildirib ki, adətən dünya bazarında neftin qiyməti aşağı düşəndə neft ölkələrinin mənzil bazarlarında da durğunluq müşahidə olunur. Bundan əlavə Rusiyada iqtisadi vəziyyət, rublun dəyərinin düşməsi də Azərbaycanın mənzil bazarına təsirini göstərir. Çünki Rusiyada yaşayan azərbaycanlılar ölkəmizin mənzil bazarı ilə bağlı xüsusi bir tələb formalaşdırırlar. Onların göndərdikləri vəsaitlər Azərbaycandakı mənzil bazarına qoyulurdu. Hazırda Rusiya iqtisadiyyatının vəziyyəti ilə əlaqədar oradan ölkəmizə gələn vəsaitin də həcmi azalıb. Bu səbəbdən də Rusiyada yaşayan soydaşlarımızın Azərbaycanın mənzil bazarındakı rolu azalıb.

   Vüqar Bayramov onu da bildirib ki, durğunluğun növbəti aylarda da davam edəcəyi proqnozlaşdırılır: "Rusiyaya qarşı sanksiyaların dayandırılması barədə qərar qəbul edilərsə və şimal qonşumuzun iqtisadiyyatı durğunluq vəziyyətindən çıxarsa, neftin dünya bazarındakı qiymətlərində stabilləşmə olarsa, Azərbaycanın mənzil bazarı da durğunluqdan çıxa bilər. Hələlik isə 2015-ci ilin birinci yarısında mənzil bazarında durğunluq proqnozlaşdırılır. Mənzil bazarında qiymətlər 9%-ə qədər ucuzlaşa bilər".

   Bu arada maraqlı iddialardan biri də Bakıda və Bakıətrafında dəbdəbəli villaların satışa çıxarılması hallarının artması ilə bağlıdır. Belə villalardan bir çoxlarının isə müəyyən vəzifəli şəxslərə aid olduğu istisna edilmir.

   Hesab olunur ki, külli mqdarda xərc çəkərək çox sayda təmtəraqlı mülklər inşa etdirən bəzi vəzifəli şəxslər mənzil bazarında gözlənilən ucuzlaşma və həmin prosesin regional və qlobal proseslər səbəbi ilə uzun çəkə biləcəyindən ehtiyatlanaraq öz villalarının bir hissəsini indidən, uyğun qiymətə əldən çıxarmağa çalışırlar. Bununla da onlar özlərini gələcəkdə ciddi zərərə düşmək ehtimalından sığortalamaq niyyətindədirlər.

   İstər paytaxtda və onun ətrfında, istərsə də ölkənin mənzərəli guşələrində daşınmaz əmlak, əsasən də villa sahibi olan bəzi məmurların və biznes adamlarının iqtisadi proseslərin hazırki gedişini öz sərvətlərinə təhlükə kimi gördükləri, milyonlara başa gələn imarətlərinin "su qiymətinə" düşəcəyindən əndişələndikləri deyilir. Və əlavə edilir ki, onların yaranmış bu vəziyyətin daha kritik şəkil almadan öz villalarını satışa çıxarmaq niyyətlərinin yeganə olmasa da, əsas səbəblərindən biri məhz budur.

   Qeyd edək ki, daşınmaz əmlak bazarına yaxın bəzi ekspertlər də son vaxtlar qiyməti bir neçə milyon dollarla ölçülən mülklərin satışa çıxarılması hallarının nəzərəçarpacaq dərəcədə artdığı qənaətini bölüşürlər.

                                                                                                                                         Cümhuriyyət.az