“Bu ilin sonuna ehtiyatlar ən azı 5 milyard dollar azalacaq”

Paylaşılma tarixi: Aug 28, 2015 5:39:41 PM

“Neftin ucuzlaşmasının Azərbaycana təsirini birmənalı olaraq neqativ amil kimi qiymətləndirməyin tərəfdarı deyiləm. Bu tendensiyanın ölkəmizə həm də müsbət təsiri ola bilər”.  İqtisadçı ekspert Qubad İbadoğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Onun sözlərinə görə, neft-qaz satışından gəlirlər azalır və bu da əlavə maliyyə qaynaqlarına çıxış üçün alternativ imkanlar axtarışı stimullaşdırır: “Təbii ki, çox şey iqtisadiyyatın necə idarə edilməsindən asılıdır. Əgər inzibati metodlarla iqtisadiyyatın tənzimlənməsindən imtina edib, liberallaşdırma istiqamətində reformalara start verilsə və mövcud resurslardan rasional istifadə olunsa, neftin qiymətinin ucuzlaşmasının mənfi təsirlərini maksimum neytrallaşdırmaq mümkün olacaq”. Hazırda ölkəmizin valyuta ehtiyatlarının nə qədər olması, o ehtiyatlardan maaş, pensiya və digər ödənişlərin verilməsi üçün istifadə edilməsinin mümkün olub-olmadığını soruşduqda Q.İbadoğlu bunları bildirdi: “Ölkənin valyuta ehtiyatlarını iki qrupa bölmək olar. Mərkəzi Bankın və Neft Fondunun aktivləri. İyulun 1-nə hər ikisi birlikdə 42,5 milyard dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə yarıbayarı azalıb. Neft Fondunun aktivləri isə 7,5 faiz azalıb. Hər iki ehtiyatların azalması prosesi davam edir. Çox güman olunur ki, bu ilin sonuna ehtiyatlar ən azı 5 milyard dollar azalacaq. Mərkəzi Bankın ehtiyatlarının azalması manatın sabitliyini qorumaq üçün valyuta bazarında xərcləmələrlə, Neft Fondunun ehtiyatlarının aşağı düşməsi isə fondun büdcəsinin gəlir və xərclərinin tarazlaşdırılması ilə əlaqədardır. Fondun dövlət büdcəsinin transferlərinin artırılması hesabına dövlət büdcəsindən maliyyələşən təşkilatlarda maaş, pensiya krizisinin qarşısını almaq mümkündür”.

http://musavat.com/

Cavid TURAN