Ekspert Azərbaycan manatının ucuzlaşmasının detallarının açıqlayır
Paylaşılma tarixi: Feb 22, 2015 4:54:21 PM
İqtisadçı ekspert Azər Mehtiyev Mərkəzi Bankın manatın ucuzlaşdırılması ilə bağlı verdiyi qərarın mahiyyəti barədə açıqlama yayıb.
Ekpert sosial şəbəkədə bildirib ki, baş verənlərin izahı əslində budur: “2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388 milyon manatın transfer edilməsi nəzərdə tutulub. Büdcə qəbul edilən zamankı kursla bunun üçün təqribən 13 milyard 318 milyon dollar lazım idi. Bugünkü kursla isə bunun üçün 9,9 milyard dollar lazım olacaq. Fərq 3,4 milyard dollar.
Bircə addımla hökümət qədər “qabağa düşdü”. İl ərzində orta məzənnə kursu bir qədər də aşağı düşsə, 4 milyardlıq fərq yarana bilər. Neft Fondunun kəsirini belə həll edirlər…
“Buna qiymətlərin qalxması və inflyasiya hesabına əldə ediləcək əlavə “inflyasiya vergisini” də əlavə edin. Bu da olacaq, qeyri-neft sektorunun inkişafı hesabına vergi daxilolmalarının artması”, – deyə ekspert manatın ucuzlaşması məsələsinin mahiyyətini açıqlayıb.
Caspian Barrel xatırladır ki, Azərbaycanın dövlət büdcəsi 2015-ci il üçün neftin orta ixrac qiymətləri 1 barel üçün 90 dollardan götürülməklə proqnoz edilib. Bu zaman büdcənin kəsiri 1,6 milyard manatdan artıq proqnozlaşdırılıb. Ancaq dünyanın aparıcı enerji agentliklərinin cari ilin əvvəlində 2015-ci il üçün korrektə edilmiş proqnozlarında göstərilir ki, Brent markalı neftin 1 barelinin orta qiyməti 54-57 dollar intervalında dəyişəcək.
Azərbaycan Milli Bankı əgər əvvəlki illərdə manatın kursunun sabit saxlanması üçün ildə təqribən 1,5-2 milyard dollar civarında vəsait xərcləyirdisə, 2014-cü ilin dekabr – 2015-ci ilin yanvar aylarında bu məqsədlə özünün ehtiyat fondundan 2,3 milyard vəsait xərcləməli oldu. Milli Bankın ehtiyat fondunda isə cəmi 12 milyarddan bir qədər artıq vəsait vardı. Yəni bu templə Milli Bank manatın kursunu saxlamaqda davam edərdisə, onda ilin sonuna kimi onun ehtiyatları ola bilsin ki, tükənmək təhlükəsi ilə üzləşərdi.