» İran saytı: “İranlıların Azərbaycan Respublikasının bayrağı ilə iftixar dövrəsi vurması”

Paylaşılma tarixi: Jun 20, 2015 4:55:18 PM

İranın “asriran” saytı iyunun 20-də Bakıda keçirilən 2015-ci il Avropa oyunlarında Azərbaycanı təmsil edən iranlı idmançılar barədə məlumat yayıb. "İranlıların Azərbaycan Respublikasının bayrağı ilə iftixar dövrəsi vurması" başlıqlı məlumatda bildirilir ki, iranlı idmançıların bir-birinin ardınca ölkəni tərk edərək Azərbaycana gedib beynəlxalq yarışlarda bu ölkənin bayrağı altında çıxış etməsi və Azərbaycana medal qazanması İran idmanının rəsmiləri üçün bir xəbərdarlıq sayılmalıdır: “Azərbaycan Respublikasının Bakı şəhərində Avropa oyunlarının birinci dövründə iranlı idmançıların beynəlxalq rəqabətlərdə çıxış edib medal qazanması İran idmanı üçün təhlükə siqnalı sayılır. Avropa oyunlarının birinci mərhələsində baş verən maraqlı məqam odur ki, yarışlara qatılan bir çox Avropa ölkələri qızıl medal qazana bilmədiyi bir şəraitdə iranlı idmançılar Azərbaycana iki qızıl və bir gümüş medal qazanıblar. Yəni iranlı idmançılar Monte Neqro, Danimarka və bir çox Avropa ölkələrinin idmançılarından daha uğurlu çıxış ediblər. Düzdür iranlı idmançıların beynəlxalq rəqabətlərdə medal qazanması hər bir İran vətəndaşı üçün sevindiricidir. Lakin həmin medal qazanmalar həm də idmanımız üçün böyük bir təhlükə siqnalıdır. Nigaranlığa səbəb isə bu mühacirətlərin gələcəkdə davam etməsi və İranın idman sərmayələrinin bir-birinin ardınca əldən çıxmasıdır.

 Bir müddətdir ki, bir sıra idmançılarımız ölkəmizin idman rəsmiləri tərəfindən dəstəklənmədiyinə görə Şimali qonşumuzun əlverişli təklifləri qarşısında Azərbaycan Respublikasına mühacirət edərək bu ölkənin vətəndaşlığını alıblar.

 Onlar azərbaycanlıların onlara təklif etdiyi yüksək əmək haqqı müqabilində bu ölkənin milli komandalarında çıxış edir, Azərbaycanı təmsil edirlər.

 Azərbaycan Respublikası son illərdə idman sahəsinə böyük sərmayələr yatıraraq özünü dünya idmanına tanıtdırmaq məqsədilə qonşularının, o cümlədən də İran idmançılarını cəlb etmək üçün pusqu qurub.

 Milad Beygi və Səbah Şəriəti İranın itirdiyi sərmayələrdir. Bu iki idmançı Azərbaycana mühacirət edərək bu ölkənin Avropa oyunlarındakı bayrağını yüksəklərə qaldırıblar. Bu isə ölkəmizin idmanı üçün böyük bir təhlükə siqnalı sayılmalıdır”./gunaztv/